Quranda şəfqət və ədalət

Hz. Muhəmmədin (səv) bütün bəşəriyyətə nümunə olan həyatı

Əvvəlki məqalələrdə bildirdiyimiz kimi, Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.

Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.

Ticarət həyatında da faiz sisteminin gətirdiyi ağır yük altında gücü az olan məhv olur, varlı isə kasıbları hədsiz istismar edirdi. Hətta bu əxlaqsızlıqlardan bəziləri ənənəyə çevrilmişdi. Məsələn, ticarət karvanlarına basqın edərək yolçuları soyan cahiliyyə dövrünün ərəbləri əldə etdikləri qənimətləri ucuz qiymətə bazara çıxararaq qiymətlərə təsir edirdilər. Bəzən də əllərindəki malları qəsdən saxlayıb qara bazar yaradırdılar.

Quranda hz. Muhəmməddən (səv) əvvəl cəmiyyətin böyük əksəriyyətini təşkil edən bədəvilər haqqında çoxlu məlumat verilmişdir. Allah Quranda Ərəbistandakı bu cahil xalqın nə qədər anlamaz olduğunu “Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah Biləndir, Müdrikdir.” (Tövbə surəsi, 97) ayəsi ilə bildirmişdir.

Peyğəmbərimiz hz. Muhəmməd (səv) məhz bu cür cahil və anlamaz qövmə doğruları bildirmək və onları gözəl əxlaqa dəvət etmək üçün göndərilmişdir. Ancaq qarşısına çıxan heç bir çətinlik Allahın elçisini şövqdən salmamış, o “kafirlik və münafiqlik baxımından betər” olan bu qövmə Allahın dinini təbliğ etmiş, bütün həyatı ilə onlara gözəl nümunə olmuşdur. Aşağıdakı ayədə əmr edildiyi kimi, qövmünü daima ədalətli olmağa dəvət etmişdir:

De: “Rəbbim ədalətli olmağı əmr etdi... (Əraf surəsi, 29)

Peyğəmbərimiz hz. Muhəmmədin (səv) təbliği və gözəl əxlaqı bütün Ərəbistan yarımadasında çox böyük təsir yaratmış, onun dövründə insanlar dəstə-dəstə İslamı qəbul etmişdirlər. Quranda bildirilən ədalətli hökmlər, gözəl əxlaq, tolerantlıq və sülh sosial həyatda nizamı və asayişi bərpa etmişdir. Bunun ən əsas səbəblərindən biri də hz. Muhəmmədin (səv) “...insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir...” (Nisa surəsi, 58) ayəsinin tələbinə uyğun olaraq insanlar arasında ayrı-seçkilik etmədən ədaləti qorumasıdır.

Buna bir nümunə Peyğəmbərimizin (səv) Kitab əhlindən Nəcran xalqı ilə sazişidir. Növbəti səhifələrdə daha ətraflı təhlil edəcəyimiz bu mətn hz. Muhəmmədin (səv) o dövrdə bənzərsiz ədalət anlayışını insanlar arasında tətbiq etdiyini göstərir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv): “Ədalət istəyən tapacaq, nə zalım, nə də məzlum olacaq...”1 sözü insanlar arasında necə ədalət tətbiq etdiyini ifadə edir. Bu bənzərsiz idarəçiliyinə görə Allahın elçisinə o dövrdə dərin etibar hissi yaranmış, hətta ən böyük düşmənləri belə onun dürüstlüyünü qəbul etməli olmuşdular.

Peyğəmbərimizin (səv) Allahın əmrlərini tam tətbiq etməsi ilə ortaya çıxan bu gözəl əxlaq nümunələri elçilərin sosial həyata gətirdiyi tolerant, sülhsevər əmin-amanlıq mühitini təsvir edir. Quran əxlaqı ilə tam yaşadıqda isə eynilə yuxarıdakı nümunədə gördüyümüz kimi, qardaşlıq və əmin-amanlıq mühiti formalaşacağı aydındır.