Quranda itaət

Təkəbbür itaət etməyə mane olur

Təkəbbür şeytanın ən mühüm xüsusiyyətlərindən biridir. Şeytan Allahın hüzurundan təkəbbürü və itaətsizliyinə görə qovulmuşdu. Şeytanın bu xəstəliyinə tutulan insanın da şeytan kimi ağlı örtülür, şüuru qapanır və Allahın dümdüz yolundan uzaqlaşır. Beləcə, Allahın sonsuz gücünü düşünüb qavramır, bu güc qarşısında öz kiçikliyini, acizliyini anlamır və Allaha qarşı hiss etdiyi hörmət dolu qorxu da qətiyyən artmır. Bu da insanın Uca Allahın bildirdiyi din əxlaqını deyil, üsyan yolunu seçməsinə gətirib çıxardır.

"O zaman Biz sizinlə əhd bağlayıb dağı (başınızın) üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”– (deyə əmr etdik). Onlar: “Eşitdik və asi olduq!”– dedilər. (Bəqərə surəsi, 93)

Təkəbbürlə dinin tələblərinin birlikdə yaşanılmadığı çox açıqdır. Çünki din əxlaqının ən mühüm şərti sadəcə Allahın böyüklüyünü bilmək və yalnız Onu ilah qəbul etməkdir. Təkəbbürlü insan isə özünü Allaha bağlı olmayan, müstəqil varlıq olaraq görür və nəfsinin əmrlərini yerinə yetirir. Allahın qulu olduğunun şüurunda olmur. Allahın ona verdiyi xüsusiyyətlərlə böyüklənərək nəfsini ucaldır. Qısası, öz nəfsini ilahlaşdırır, onu Allaha ortaq qoşur. Belə ki, təkəbbürlə din əxlaqı yaşanmır, yalnızca nəfs Allaha şərik qoşulur.

Bildirdiyimiz kimi, təkəbbürlü insanın əxlaqı, nəfsini ilahlaşdırdığı üçün Allahdan başqa ilah olmadığını bildirən haqq dinlə ən başdan zidd düşür. Buna görə də din əxlaqını yaşaması qeyri-mümkündür. Növbəti bölmələrdə vurğulandığı kimi təkəbbürlü insanların ümumiyyətlə din əxlaqını yaşama kimi tələbləri də yoxdur. Böyüklük göstərənlərin din əxlaqını inadla yaşamaq istəməmələri və dindən qaçaraq uzaqlaşmaları bir çox ayədə bildirilir. "Çünki onlara: "Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir və deyirdilər: "Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?"" (Saffat surəsi, 35, 36) ayəsində də göründüyü kimi daxilindəki təkəbbür hissi Allahı və elçilərini tanımalarına mane olur. Hətta inkarçıların təkəbbürləri bəzən o qədər dəhşətli ölçülərə gəlir ki, Allaha açıq-aşkar düşmən olurlar. Quranda boş yerə təkəbbür göstərən insanların Allah anılarkən göstərdikləri davranışları belə bildirilir.

"Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)

Din əxlaqının məqsədi insanın Rəbbimizi tanıyıb təqdir etməsi, Ona yaxınlaşması və Onun rizasına qovuşmağa vəsilə olan əxlaqı qazanmasıdır. Bu yöndən baxanda təkəbbür dinin məqsədinə tamamilə zidd olan ünsürdür. Çünki təkəbbür və böyüklük hissi Allahın sevmədiyi, qəzəbləndiyi xüsusiyyətlərdir. Bu ayələrdə belə bildirilir:

"İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)

"Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir. (Nəhl surəsi, 23)

Belə ki, hədəfi Allahın rizası olan din əxlaqını təkəbbüründən əl çəkmədən yaşamağa çalışmaq həm çox mənasız, həm də özlüyündə ziddiyyətli davranışdır.

Din əxlaqı təvazökarlıq, təslimiyyət, Allaha qarşı itaət tələb edir. Təkəbbürlü insanda isə belə mömin xüsusiyyətləri olmaz. Buna görə də bu insan tam mənada iman gətirmir.

Təvazökarlıq və səmimiyyətin ən böyük əlamətlərindən biri isə Allaha və elçisinə itaətdir. Təvazökar olmayan insan itaət etmədiyi üçün din əxlaqı ilə təkəbbürün birlikdə yaşanmadığı bir daha bəlli olur. Təkəbbürlü insanlar olduqları mühitdə özlərini hakim mövqedə görürlər. Hər mövzuda ən yaxşı düşünüb ən doğru davrananın özləri olduğuna inanırlar. Özlərindən çox əmin olduqları üçün daha yaxşı bilən biri olduğuna ehtimal belə vermirlər.

Bildiyimiz kimi şeytanın gizli təkəbbürü də itaət tələb olunduğu anda ortaya çıxmış, böyüklük göstərərək itaətdən boyun qaçırmış və kafirlərdən olmuşdu. Quranda itaətdən çox yerdə bəhs olunur və bu ibadətin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkilir. Möminin necə bir itaətə sahib olması bütün təfərrüatları ilə birgə təsvir edilib. Qurana görə itaət qəlbən təsdiq edilərək yerinə yetirilən çox həssas mövzudur. Elçinin verdiyi qərarı yerinə yetirdiyi halda qəlbən sıxıntı və narahatlıq yaşamaq belə imansızlığın göstəricisidir:

"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)

Təkəbbürlü insanların vacib xüsusiyyətlərindən biri də, əvvəl bildirdiyimiz kimi, Allah onlara elçi göndərndə onun elçiliyini qəbul etməmələri və onunla mübarizə aparmalarıdır. Çünki gözəl əxlaq, ağıl, təqva kimi üstün xüsusiyyətləri olan və olduğu cəmiyyətdə hər kəsə lider olaraq göndərilən elçiyə itaət etməyi heç cür qəbul edə bilmirlər. Halbuki, elçiyə itaət edilmədikdə Allaha itaət edilmir. Allaha itaət olmadıqda din əxlaqı da yaşanmır. Bir çox ayədə Rəsulallaha itaətin əslində Allaha itaət olduğu bildirilir. Məsələn, bir ayədə belə buyurulur:

"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)

Görüldüyü kimi, itaət təkəbbürlü insanların din əxlaqını yaşamalarının qarşısında duran qala kimidir. Bu qalanın qapıları ancaq təvazökarlıq və təslimiyyətlə açılır.

Təvazökarlıq hörməti, təkəbbür isə hörmətsizlik və istehzanı yaradır. Təkəbbürlü insanlar hörməti, xüsusilə də, elçiyə qarşı hörməti qürurlarına sığdırmırlar. Onlar ancaq kimisə ələ salmaqdan, hörmətsizlikdən, fərqli olduqlarını hiss etdirib lovğalanmaqdan zövq alırlar. Təkəbbürlü insanlar öz qərarlarını üstün gördükləri üçün peyğəmbərlərin hökmlərinə xeyir gözü ilə baxıb təslim olmurlar. Buna görə də din əxlaqının tələbləri içərisində ən çox elçiyə itaət etməkdə əziyyət çəkirlər. Ancaq Allah bu dərin itaəti din əxlaqının mühüm şərtlərindən biri olaraq göstərir və zalımlar olaraq ifadə etdiyi itaətsiz münafiqlərin vəziyyətlərini ayələrdə belə açıqlayır:

"Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsaydılar, itaət edib onun yanına gələrdilər. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. (Nur surəsi, 48-50)