Quranda şəfqət və ədalət

Peyğəmbərimizin (səv) dövründə Kitab əhli və müşriklərlə imzalanan sazişlər cəmiyyətdə ədaləti bərqərar etmişdir

Peyğəmbərimiz (səv) Məkkədən Mədinəyə hicrət etdikdən sonra müxtəlif insan qrupları ilə qarşılaşmışdır. O dövrdə Mədinədə böyük nüfuza malik olan yəhudilər, xristian qruplar və həmin vaxta qədər İslamı qəbul etməmiş, keçmiş dinlərinə davam edən müşriklər birlikdə yaşayırdılar. Hz. Muhəmməd (səv) belə bir mühitdə ictimai birliyi və sülhü təmin etmək üçün Mədinədəki kosmopolit strukturu sosial sövdələşmələrlə birləşdirmiş, yüzdən çox qrup ilə bəzən məktubla, bəzən də şəxsən özü danışaraq sazişlər bağlamış, onlarla uzlaşmaya getmişdir.5 T.U. Arnold Peyğəmbərimizin (səv) qurduğu bu ictimai birliyin əhəmiyyətini belə ifadə edir:

“Əvvəllər heç bir əmrə qətiyyən itaət etməmiş o Ərəbistan birdən-birə siyasi birliyə çevrildi və o mütləq əmirə özünü təslim etdi. Yüzə yaxın kiçik sosial qrupdan ibarət və daima bir-birləri ilə qarşılıqlı düşmənçilik edən böyük-kiçik qəbilələrdən hz. Muhəmməd (səv) birlik qurdu.”6

Quranda bir çox ayə ilə də bildirildiyi kimi, digər dinlərdən olan insanlarla dostluq içində yaşamaq İslam əxlaqına uyğundur. Allah ayədə müsəlmanlara hər müqəddəs kitaba inanmağı və digərlərinin inanclarına hörmət etməyi belə əmr edir:

Buna görə də sən dəvət et və sənə əmr olunduğu kimi, düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. (Şura surəsi, 15)

Yuxarıdakı ayədə müsəlmanın digər dinlərdən olan insanlara münasibətinin necə olması bildirilir. Müsəlmanlar da peyğəmbər əxlaqını özlərinə nümunə götürərək bütün insanlarla ədalət və mərhəmətlə davranmaqla məsuldurlar. Bu şəxs yəhudi, xristian, müşrik, buddist və hətta ateist ola bilər. Nəyə və kimə inansa da, heç bir inancı olmasa da, Allahın əmr etdiyi ədalətli və dürüst rəftar mütləq hər kəsdə müsbət təsir oyadar, qəlbinin İslama isinməsinə vəsilə olar.

Peyğəmbərimizin (səv) Mədinəyə gəlib qardaşlığı və sevgini möhkəmləndirməsi sübut etmişdir ki, müxtəlif irqlərə, dinlərə və dillərə mənsub insanların birlikdə əmin-amanlıq içində yaşaması mümkündür. Onun sülhə və sevgiyə dəvət etməsinin ən böyük dəlillərindən biri özünün yazdırdığı sülh sazişidir.7 Hz. Muhəmməd (səv) Məkkəni fəth etdikdən sonra əvvəllər müsəlmanlara işgəncə vermiş müşrikləri belə sərbəst buraxmış, onlara böyük mərhəmət göstərmişdir. Peyğəmbərimiz hz. Muhəmmədin (səv) bu üstün əxlaqı əvvəlki ərəb cəmiyyətində bənzəri görülməmiş hal idi və insanlar arasında rəğbətlə qarşılanmışdı.

Həmin dövrdə fəth edilən əcnəbi ölkələrdə də əsil ədalətin tətbiq edilməsində hz. Muhəmməd (səv) bütün müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz (səv) fəth edilən ölkələrin yerli xalqlarına qarşı Quranda bildirilən ədaləti tətbiq etmiş, onlarla hər iki tərəfin razı qaldığı və heç kimin inciməyəcəyi sazişlər imzalamışdır. Bu səbəbdən də hansı dinə və ya millətə mənsub olsa da, fəth edilən ölkələrin xalqları İslamın gətirdiyi ədalətdən həmişə razı qalıblar. Mübarək Peyğəmbərimiz hz. Muhəmməd (səv) və yanındakı səhabələr “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.” (Əraf surəsi, 181) ayəsində bəhs edildiyi kimi, insanlar arasında ədaləti tətbiq edən ümmət olublar. Ərəbistan yarımadasının cənubundakı xristian nəcran xalqı ilə bağlanan saziş də Peyğəmbərimizin (səv) mərhəmətinin və ədalətinin ən gözəl nümunələrindən birini göstərir. Sazişin maddələrindən biri belədir:

“Nəcranlıların və məiyyətinin canları, malları, dinləri, var-dövlətləri, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Allahın Peyğəmbərinin himayəsi altına alınacaqdır.”8

Peyğəmbərimiz (səv) bu və bənzər sazişlərlə aşağıdakı ayənin cəmiyyətdə təcəlli etməsinə və Kitab əhlinin də müsəlmanlarla birlikdə sülh və əmin-amanlıq içində yaşamasına vəsilə olmuşdur:

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

Yuxarıda verilən nümunələr Peyğəmbərimizin (səv) ədalətli icraatlarından sadəcə bəziləridir. Ancaq bu sazişlərdən ən əsası Peyğəmbərimizin (səv) xristian, yəhudi və müşrik qəbilələrlə imzaladığı Mədinə sazişidir. Bu saziş dövrümüzdə də tez-tez əsərlərin mövzusunu təşkil edir, üzərində geniş miqyaslı tədqiqatlar aparılır.

Mədinə vəsiqəsi təqribən 1400 il əvvəl 622-ci ildə müxtəlif inanclara malik xalqların tələblərinə cavab vermək məqsədilə hz. Muhəmmədin (səv) rəhbərliyi altında qələmə alınıb və yazılı hüquqi saziş kimi tarixə düşüb. Nəticədə də 120 il boyu bir-birinə qarşı düşmənçilik bəsləyən müxtəlif dinlərə və millətlərə mənsub qəbilələr bir sazişdə birləşiblər. Hz. Muhəmməd (səv) bu saziş vasitəsilə hər fürsətdə bir-birlərinə hücum edən, düşmənçilik bəsləyən və uzlaşa bilməyən xalqların arasındakı münaqişələrə son qoyulmasının, onların sülh şəraitində birlikdə yaşamasının mümkün olduğunu göstərdi.

Mədinə sazişinə görə hər kəs heç bir təzyiq olmadan istədiyi dini, inancı, siyasi və ya fəlsəfi seçimini etməkdə azaddır. Hər kəs özü kimi düşünən insanlarla qrup yarada bilər. Öz hüququnu tətbiq etməkdə azaddır. Ancaq cinayət törədən şəxs heç kim tərəfindən qorunmayacaq. Sazişi imzalayan tərəflər bir-birlərinə yardım edəcək, bir-birlərinə dəstək olacaq və Peyğəmbərimiz hz. Muhəmmədin (səv) himayəsi altında olacaqlar. Tərəflər arasındakı anlaşmazlıqlar Allahın Rəsuluna bildiriləcəkdir.

Peyğəmbərimizin (səv) hazırlatdığı bu saziş mərhələli şəkildə 622-ci ildən 632-ci ilə qədər tətbiq edilmişdir. Bu sazişlə qan və qohumluq əlaqələrinə əsaslanan qəbilə tərzi təşkilatlanma aradan qaldırılmış, coğrafi, mədəni və etnik mənşəyi bir-birindən tamamilə fərqli insanlar birləşmişdirlər. Mədinə sazişi ilə geniş miqyasda din və inanc azadlığı təmin edimişdir. Bu azadlığı ifadə edən maddə aşağıdakıdır:

“Bəni-əvf yəhudiləri möminlərlə bərabər eyni ümmətdirlər. Yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir.”9

Bu sazişlə yəhudi və müşriklərə üzvlük hüququ verilmişdi. On altıncı maddədə isə “Bizə tabe olan yəhudilər heç bir haqsızlığa məruz qalmadan və düşmənləri ilə də yardımlaşmadan yardım və dəstəyimizə haqq qazanacaqlar”10, – deyilir. Peyğəmbərimizin (səv) bu anlayışına sadiq qalan səhabələr də ondan sonrakı dövrlərdə bərbəri, buddist, brahman və digərlərinə bu hüququ vermişdirlər.11 Bu dövrdə anlaşılmazlıqlar asanlıqla həll edilmiş, hər kəs bir-birinin inancına hörmət etmiş, sülh və ədalət çox uzun müddət davam etmişdir.

Peyğəmbərimiz (səv) Kitab əhli ilə olduğu kimi, müşriklərlə də ictimai nizamı bərpa etmək üçün bəzi sazişlər bağlamışdır. Müşriklərlə həmişə ədalətlə davranmış, onların müdafiə və himayə tələblərini qəbul etmişdir.

Bu himayə tələbi hər hansı haqsızlığa və ya hücuma məruz qalma ehtimalına qarşı Peyğəmbərin (səv) qorumasını tələb etmək, onun yanına sığınmaq mənasını daşıyırdı. Həyatı boyu Peyğəmbərimizdən (səv) bir çox qeyri-müsəlman və müşrik himayə tələb etmiş, o da bu insanları himayəsinə alaraq təhlükəsizliklərini təmin etmişdir. Allah Tövbə surəsində müşriklər sığınma haqqı tələb etdikdə bu tələblərinin qəbul edilməsini bildirmişdir. Ayələrdə belə buyurulur:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır... (Tövbə surəsi, 6)

... Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir. (Tövbə surəsi, 7)

Ayədən də göründüyü kimi, Allah müşriklərlə ədalətli davranmağı əmr etmiş, əgər himayə edilmək istəsələr, möminləri onların təhlükəsizliklərini təmin etməkdən məsul etmişdir.