Quranda şəfqət və ədalət

Xəlifələr dövründə də ədalət Quran əsasında tətbiq edilmişdir

Müqəddəs Peyğəmbərimiz hz. Muhəmmədin (səv) vəfatından sonra onun yerinə keçən xəlifələr də Peyğəmbərimiz (səv) kimi Allahın ədalətini tətbiq etməkdə həssas davranıblar. Fəth edilən ölkələrdə həm oranın yerli xaqı, həm də yeni gələnlər sülh və əmin-amanlıq içində yaşamışdırlar. İlk xəlifə hz. Əbubəkr Suriya səfərinə çıxdıqda təlimat vermişdir. Ələ keçiriləcək yerlərdə tətbiq edilməsini istədiyi ədalətli, mərhəmətli davranışlar Quran əxlaqına dair gözəl nümunədir. Hz. Əbubəkrin təlimatları belədir:

“Ey insanlar, ürəkdən tətbiq edəcəyiniz on qayda verirəm: xəyanət etməyin və haqq yoldan çıxmayın. Uşağı, qadını və yaşlı insanları öldürməyin. Xurma ağaclarını yandırıb məhv etməyin və hər hansı meyvə verən ağacı da kəsməyin. Dəvələrdən, sürülərdən və ya dəstələrdən hər hansı birini öldürməyin. Özünüz üçün saxlayın. Həyatını axirət üçün əməllərə həsr etmiş şəxslərlə qarşılaşacaqsınız, onları münzəvi vəziyyətdə qoyun. Müxtəlif qidalar ikram edən insanlarla qarşılaşacaqsınız, yeyin, ancaq Allahın adını zikir etməyi unutmayın.”13

Ədaləti ilə tanınan hz. Ömər də hz. Əbubəkrdən sonra Peyğəmbərimiz (səv) kimi ələ keçirilən ölkələrin yerli xalqı ilə ədalət və tolerantlıq nümunəsi olan müxtəlif sazişlər bağlamışdır. Məsələn, hz. Ömər Qüds və Lüdd xristianlarına verdiyi amannamədə kilsələrin dağıdılmayacağına və kilsələrdə müsəlmanların kütləvi ibadət etməyəcəklərinə dair zəmanət vermişdir. Ləhm xristianlarına da həmin şərtləri təqdim etmişdir. Mədainin fəthi ilə Nasturi patriarxı II İşuayhebə (650-660) verilən amannamədə də eyni şəkildə kilsələrin dağıdılmayacağına, heç bir binanın məscidə və ya evə çevrilməyəcəyinə dair zəmanətlər verilmişdir.14 III Nasturi patriarxının fəthlərdən sonra dostuna yazdığı məktub da müsəlman idarəçilərin kitab əhlinə mərhəmətini və şəfqətini izah etməsi baxımından gözəl nümunədir:

“Allahın iradə verdiyi bu ərəblər... bizə heç zülm etmədilər. Həqiqətən, onlar dinimizə, dini nümayəndələrimizə, kilsə və monastırlarımıza hörmət etdilər...”15

Hz. Ömərin verdiyi himayə sənədi bizə bir möminin Quranda təsvir edilən əxlaqla davrandığı təqdirdə necə sevgi dolu və mərhəmətli olduğunu göstərir:

“Bu verilən aman xəstə-sağlam, yaxşı-pis bölgə xalqının bütün fərdləri üçün din, can, mal, kilsə və monastırların himayəsi üçündür. Kilsələr dağıdılmayacağı kimi, məskən də edilməyəcək və onlardan heç nə əskildilməyəcək. Xalqdan heç kəs zərrə qədər zərər görməyəcək. Bu kitabda yazılmış xüsuslar Allah və Rəsulunun əhdi, xəlifələrin və möminlərin borcudur.”16

Bütün bu nümunələr əməlisaleh möminlərin ədalət və sevgi anlayışını göstərən hikmətli nümunələrdir.

Xəlifələr dövründə edilən fəthlər sayəsində bölgə xalqı həm zülmdən xilas olmuş, həm də İslamı tanımaq imkanı qazanmışdır. Ancaq xalq İslamı qəbul etmək üçün qətiyyən məcbur edilməmişdir. Allahın “Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 6) ayəsində bildirdiyi kimi, hər kəs dininə sərbəst qulluq etmiş, ibadətlərini azad şəkildə yerinə yetirmiş və heç bir təzyiqlə qarşılaşmamışdır. Onlar İslamı bu dinə həqiqi mənada qulluq edən müsəlman xalqdan görərək öyrənmişdirlər və bu şəkildə İslam onlarda daha böyük təsir oyandırmışdır. İman gətirənlər səmimi qəlbdən Allaha iman gətirmək üçün xalqı dəvət etdikdə böyük əksəriyyəti dəvəti qəbul etmiş, bu şəkildə müsəlman olanların sayı sürətlə artmışdır. Məsələn, hz. Əbubəkrin dövründə Kində və İyad xristianlarının bir qismi, Şamın fəthindən sonra yerli xalqın bir qismi heç bir məcburiyyət olmadan, öz istəkləri ilə müsəlmanlığı qəbul etmişdir.17 Müsəlmanların fəth etdiyi ölkələrdə zorla İslamı qəbul etdirdikləri kimi yanlış inanc qərb tədqiqatçıları tərəfindən təkzib edilmiş, müsəlmanların ədalətli, mərhəmətli münasibəti hər kəs tərəfindən təsdiqlənmişdir. Qərbli tədqiqatçı L. Braun (L. Browne) bu barədə belə yazır:

“... Doğruluğuna şübhə olmayan həqiqətlər müsəlmanların getdikləri hər yerdə xalqa qılınc gücünə İslamı qəbul etdirdiklərinə dair xristian mənbəli iddiaların kökündən əsassız olduğunu sübut edir... Fəthlərin ardındakı dinamik amil onların dəvət etdikləri İslam qardaşlığı idi. Məhz bu qardaşlığın miqyası da yeni üzvləri ilə sürətlə böyüyürdü.”18