Quran əxlaqı

Şeytanın fəaliyyəti

Allah hz. Adəmi yaratdığı və bütün mələklərə “Adəmə səcdə edin” əmrini verdiyi zaman şeytan Ona qarşı çıxmış və bu üsyana görə sonsuza qədər lənətlənmişdir. Buna görə də o, qiyamət gününə qədər insanları azdırmaq üçün Allahdan möhlət istədi. Allah bu möhləti verdikdə isə dedi:

(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)

Bir başqa ayədə şeytanın azdırma vədi belə izah edilir:

Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)

Əgər insan şeytanın bu xüsusiyyətindən xəbərsiz olsa, özünü ondan qoruya bilməz və asanlıqla tələyə düşə bilər. Bu səbəbdən, mömin Quranda xəbər verilən bu həqiqəti hər an ağlında tutmalı, şeytanın azğın təlqinlərinə qarşı oyaq olmalıdır. Bir ayədə belə buyurulmuşdur:

Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını od sakini olmağa çağırır. (Fatir surəsi, 6)

Möminlər şeytana qarşı çox diqqətli olmalıdırlar. Çünki şeytan, əsasən, onlarla məşğul olur. İnkarçıları azdırmaq üçün çalışmasına ehtiyac yoxdur. Çünki onlar artıq şeytanın ordusunu təşkil edirlər. Buna görə, bütün gücünü möminləri zəiflətmək, onları dinə xidmət etməkdən yayındırmaq üçün sərf edir. Bu səbəblə, Allah şeytanın fitnəsinə qarşı möminləri belə xəbərdar edir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir. (Nur surəsi, 21)

Allahın Quranda bildirdiyinə görə, şeytanın bu fəaliyyəti ixlaslı möminlərə təsir etmir. Lakin zəiflik göstərən və qəflətə düşənlər şeytanın təlqin etdiyi mənfi hallardan təsirlənə bilərlər. Unutmaq olmaz ki, şeytan fəaliyyətini heç dayanmadan, ara vermədən, dincəlmədən, yatmadan davam etdirir. Mömin də buna qarşı həmişə Allahı xatırlamalı, hər an diqqətli və mənəvi cəhətdən rahat olmalıdır.