Quranda sədaqət

Peyğəmbərə itaət edirlər

İman edənlərin peyğəmbərlərə olan sədaqətlərinin ən önəmli göstəricilərindən biri onların Allahın elçiləri olduğunu bilərək sözlərinə ən gözəl şəkildə itaət etmələridir. Allah Quranın bir çox ayəsi ilə inanan kimsələri peyğəmbərlərə itaət etməyə çağırmışdır. Peyğəmbərlər isə hər dövrdə yaşadıqları cəmiyyətləri Allaha və özlərinə itaət etməyə dəvət etmiş, dünyada və axirətdə qurtuluşlarının yalnız bu əxlaqı göstərmələri ilə mümkün olacağını xatırlatmışdır.

Möminlərin Allaha və elçisinə qarşı itaətkar olmaları onların Allaha qarşı olan sədaqətlərinin nəticəsidir. Allah möminlərin elçilərin hökmləri qarşısında Allaha təslimiyyətlərini belə dilə gətirdiklərini bildirmişdir:

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır. (Nur surəsi, 51) Dolayısilə ancaq səmimiyyətlə yaşana bilən sədaqət də yenə sadəcə möminlərin göstərə biləcəkləri bir davranışdır. Allah Quranın bir çox ayəsində itaətin vacibliyini və bu əxlaqın möminlərə qazandırdığı gözəllikləri xəbər vermişdir. “Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə, sizə rəhm olunsun”ayəsi ilə Allah elçilərə olan itaətin möminlərə Allahın mərhəmətini qazandıracağını bildirmişdir. Bu səbəbdən möminlər üçün bu mövzu çox əhəmiyyətlidir. Allahın “De: “Allaha və Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz (Ali-imran surəsi, 32) ayəsi ilə bildirildiyi kimi, bunun özlərinə Allahın rizasını qazandıracaq bir davranış olduğunu bilərək bu mövzuya çox diqqətlə yanaşırlar.

Allah Quranda möminlərin elçilərə olan sədaqətlərini və itaət barəsindəki qərarlılıqlarını belə bildirmişdir:

Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izin almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 62) Allahın ayədə diqqət çəkdiyi kimi, möminlərin Onun Rəsulundan icazə almadan bir iş görməmələri Ona qarşı duyduqları dərin bağlılığın və sədaqətin açıq dəlillərindən biridir. Möminlərin göstərdikləri bu təslimiyyətli davranış onların Peyğəmbərimizin (səv) sözlərinə və Onun verəcəyi hökmə nə qədər əhəmiyyət verdiklərini və onun hər hansı bir mövzuda etdiyi dəvətə dərhal itaət etdiklərini göstərir. Allah digər bir Quran ayəsində möminlərə Peyğəmbərimizin (səv) özlərinə “həyat verəcək” şeylərə etdiyi dəvətə qarşılıq vermələrini buyurmuşdur:

Ey iman gətirənlər! Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır və siz Onun hüzuruna toplanılacaqsınız. (Ənfal surəsi, 24) Allahın elçilərinə itaət möminlərə dünyada və axirətdə böyük qazanc və onları xeyirlərə çatdıran mühüm bir ibadətdir. Peyğəmbərimizin (səv) “Sizə iki şey buraxıram. Bunlara tabe olduğunuz müddətcə əsla azmayacaqsınız: Allahın kitabı və Rəsulun sünnəsi”hədisində də bildirildiyi kimi, müsəlmanların ən vacib iki yol göstəricisi Quran və Peyğəmbərimizin sünnəsidir. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 2-ci cild, Akçağ Yayınları, Ankara, s. 328).

Dövrümüzdə Peyğəmbərimizə (səv) itaət isə onun əxlaqını ən gözəl şəkildə örnək alıb tətbiq etmək və onun yolunu izləməklə mümkündür.