Quranda itaət

HZ. İBRAHİMİN ALLAHA İTAƏTİ

Quranda bizə itaətlə bağlı bir çox nümunə verilib. Bunların ən əhəmiyyətlilərindən biri yuxuda görərək Allahın əmrinə itaət edib oğlunu qurban vermək istəyən hz. İbrahimin qissəsidir.Allah hz. İbrahim və oğlu hz. İsmayılın yaşadığı bu sınağı ayələrdə belə xəbər verir:

Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”. Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman Biz onu çağırıb dedik: “Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtahandır. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. (Saffat surəsi, 101-107) Allah yuxarıdakı ayələrdə bizə hz. İbrahimi necə sınadığını xəbər verir. İslam alimləri də bu ayələri, əsasən, eyni şəkildə təfsir edirlər. Məsələn, Elmalılı Hamdi Yazır Qurani-kərim təfsirində hz. İbrahimin yuxusunda gördüklərinin vəhy olduğunu, bu vəhyin yerinə yetirilməsinin isə bir əmr olduğunu bildirir. Ayələrin davamını isə belə açıqlayır:

... Bundan sonra onu zorla etməyib əvvəl yerinə yetirilmə şəklini məsləhətləşmək üçün fikrini soruşaraq təbliğ etdi. Bu yolla əvvəlcə onun itaət və boyun əyməklə əcir və savaba qovuşmasını istədi. Düşünülməlidir, bunu deyərkən "Ey övladım!" deyə xitab edən atanın ürəyində necə böyük şəfqət duyğusu vardı və ona nə qədər böyük vəzifə eşqi, Allah sevgisi hakim idi... Bunun bu cür ilahi əmr olduğunu anlayan və Allahın səbir edənlərlə bərabər olduğunu bilən o yumşaq xasiyyətli oğul "Ey atacan!" dedi, "Sənə nə əmr edilirsə, onu et. Məni inşaAllah səbir edənlərdən görəcəksən". Ömər Nəsuhi Bilmənin təfsirində hz. İbrahim və oğlunun başına gələn bu sınaq belə izah edilir:

Həzrəti İbrahim də, oğlu da Allah-Təalanın əmrinə itaət edib təslimiyyət göstərdilər və İbrahim əleyhissəlam oğlunu (alnının bir yanı üzərinə yatırtdı) kəsmək üçün belə vəziyyətə gətirdi... Onun rəhmani yuxu olduğunu anlayaraq əmr olunduğun vəzifəni yerinə yetirməyə əzm etdin, səbrin, ilahi əmrə itaətin təzahür etdi. Artıq Haqq Təala lütf etmiş, o oğulun yerinə qurban heyvanının kəsilməsini əmr etmiş, həzrəti İbrahimi belə bir fədakarlıqdan xilas etmişdi.

Ayələrdən və təfsirlərdən hz. İbrahim və oğlu hz. İsmayılın Allaha olan itaət, təslimiyyət və ürəkdən bağlılıqları açıq şəkildə görünür. Bu üstün əxlaq bütün iman gətirənlərə çox gözəl nümunə, bənzərsiz rəhbərdir. Bu səbəbdən, bütün iman gətirənlər onların yolu ilə getməli, Allahın ayələrini tətbiq edərkən həssas davranmalı, çətinlik, ya da sıxıntı qarşısında yanlış əxlaq göstərməməli, səbirli və təvəkküllü olmalıdırlar. Allah “Saffat” surəsinin davamında belə bildirir:

Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır. (Saffat surəsi, 108-111)