Quranda itaət

HƏLAK EDİLƏN İTAƏTSİZ QÖVMLƏR

Məgər onlara özlərindən əvvəlkilərin – Nuh, Ad və Səmud camaatının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin (Lut tayfasının) xəbərləri gəlib çatmayıbdırmı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər. (Tövbə surəsi, 70) Allahın elçiləri vasitəsilə insanlara etdiyi ilahi təbliğ bəşər tarixindən etibarən bizə çatdırılır. Bəzi cəmiyyətlər bu təbliği qəbul edib, bəziləri də inkar ediblər. Bəzən inkarçı cəmiyyətin içindən kiçik qrup çıxır və yalnız onlar elçiyə itaət edirlər.

Ancaq təbliğ olunan qövmlərin çox böyük hissəsi bunu qəbul etməyib. Allahın Elçisinin onlara gətirdiyi təbliği dinləməməklə bərabər elçiyə və ona tabe olanlara da zərər verməyə çalışıblar. Elçilər dəfələrlə "yalançılıq, cadugərlik, dəlilik, lovğalıqla" ittiham edilib. Hətta çox vaxt qövmün öndə gələnləri onları öldürməyə cəhd ediblər.

Halbuki hər peyğəmbər qövmündən yalnız Allaha itaət etməsini istəyib. Bunun qarşılığında pul, ya da başqa bir dünyəvi mənfəət tələb etməyiblər. Qövmlərinə təyziq də göstərməyiblər. Sadəcə göndərildikləri cəmiyyəti həqiqi dinə dəvət edib və özlərinə tabe olanlarla birlikdə fərqli həyat tərzi yaşayıblar.

Allah Quranda elçiləri ilə xəbərdar etdiyi, ancaq itaətdən uzaqlaşıb nankorluq etdikləri üçün həlak etdiyi qövmlərdən bir çox ayədə bəhs edir. “Şuəra” surəsinin 108, 110, 126, 131, 144, 150, 163, 179-cu ayələrində göndərilən elçilər "Artıq Allahdan qorxun və mənə itaət edin" deyərək qövmlərini Allaha iman gətirməyə və itaətə dəvət ediblər. Lakin elçilər və ona inanan çox az sayda möminlər xilas olunaraq inkarçı qövmlər həlak ediliblər.

Quranda Nuh, Səmud, Ad, Mədyən, Lut Qövmləri kimi inkar edən azğın qövmlərin qissələri xəbər verilib. Məsələn, hz. Salehin itaətsiz qövmlərdən olan Səmud qövmünü xəbərdar edib qorxutmaq üçün peyğəmbər olaraq göndərildiyindən bəhs edilir. Hz. Saleh Allahın vəhyi ilə inkarçı qövmünün Allahın əmrlərinə tabe olub olmayacaqlarını müəyyənləşdirmək üçün son sınaq olaraq onlara dişi dəvə göstərir. Özünə itaət edib etməyəcəklərini sınamaq üçün qövmünə sahib olduqları suyu bu dişi dəvə ilə bölüşməyi və ona zərər verməmələrini söyləyir. Qövm, beləcə, sınaqdan keçirilir. Qövmünün hz. Salehə cavabı isə bu dəvəni öldürmək oldu. “Şuəra” surəsində bu hadisələr belə izah edilir:

Səmud tayfası da elçiləri yalançı saydı. Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız? Bağlar və bulaqlar içində, əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)?Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın. Onlar yer üzündə fəsad törədir və (özlərini günahdan) təmizləmirlər”. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən. Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”. (Saleh) dedi: “(Möcüzə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”. Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular". (Şuəra surəsi, 141-157) Allah inkar edənlərin hiyləgərcəsinə qurduqları nizamı boşa çıxarmış və hz. Salehi pislik etmək istəyənlərin əllərindən xilas etmişdi. Bu hadisədən sonra qövmə artıq hər cür təbliği etdiyini və heç kimin öyüd almadığını görən hz. Saleh onlara üç gün ərzində həlak olacaqlarını bildirmişdi. Belə ki, üç gün sonra hz. Salehin dediyi baş vermiş və Səmud qövmü həlak edilmişdi:

Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar. Sanki orada heç yaşamamışdılar.Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü! (Hud surəsi, 67-68) Qısacası, Səmud qövmü Allahın elçisinə itaət etməməyin qarşılığında həlak olmuşdu. Sənət əsərləri, hazırladıqları heç bir şey onları əzabdan qoruya bilməmişdi. Səmud qövmü daha əvvəlki və sonrakı bir çox inkarçı qövm kimi şiddətli əzabla həlak edilmişdi.