Quranda itaət

İTAƏT NƏDİR?

Allahın Quranın bir çox ayəsi ilə əmr etdiyi ən mühüm ibadətlərdən biri də itaətdir. Ayələrdə də bildirildiyi kimi, bu ibadət Allahın rəhmət və mərhəmətinin, Cənnətin, həmçinin inkar edənlərə qarşı zəfər qazanmağın açarıdır.

Allaha iman gətirən bir insanın gözəl əxlaqı onun davranış və hərəkətlərində özünü göstərir. Uca Allah bizlərə Qurani-kərimdə bu əxlaqın nümunələrini ətraflı şəkildə bildirmişdir. Allaha könüldən iman gətirən müsəlmanları digərlərindən ayıran ən mühüm cəhətləri də hər şəraitdə Rəbbimizin Quranda bildirdiyi bu gözəl əxlaqı əksiksiz yaşamalarıdır. Heç şübhəsiz, bunun nəticəsində üstün əxlaq modeli formalaşır. Çünki insan gözəl və dəyərli olan bütün vəsflərə, ancaq Allahın bildirdiyi din əxlaqını yaşamaqla sahib ola bilər. Sonsuz qüdrət sahibi Allah Quranda dürüstlüyü, ədaləti, səbri, fədakarlığı, vəfanı, sədaqəti, qətiyyəti, itaəti, təvazökarlığı, tolerantlığı, şəfqəti, mərhəməti, əsəbini cilovlamağı və daha bir çox üstün əxlaqi xüsusiyyətlərini əmr edir. Bunlar Allahın razılığını qazanmağa çalışan möminləri digərlərindən üstün edən mühüm əlamətlərdir. Bu üstün xüsusiyyətlərin möminlər üçün digər əhəmiyyəti isə hər cür əksiklikdən münəzzəh olan Allahın sevgisini qazanmalarına vəsilə olmasıdır. Bu səbəbdən dünya həyatında da, axirətdə də Rəbbimizin rəhmətini və sevgisini ümid edən möminlərin üzərinə düşən Allahın bildirdiyi bu əxlaqı əksiksiz yaşamaq üçün ciddi səy göstərməkdir.

İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman qəlblərdə bir sevgi yaradacaq. (Məryəm surəsi, 96) Unudulmamalıdır ki, Allaha itaətdən boyun qaçıraraq Onun rizasını, rəhmətini və Cənnətini qazandıran iman yolunu tərk edib öz eqoist istəklərini ilahlaşdıranlar dünyada alçaq və mənfur, axirətdə isə Cəhənnəmlə nəticələnəcək hüsran yolunu seçmiş olurlar. “EŞİTDİK VƏ İTAƏT ETDİK” DEYƏ BİLMƏKa

İnsan dini öyrənib qəbul etməzdən əvvəl həyatını Allahın Kitabında olmayan bəzi qanun və cəmiyyət qaydalarına görə qurur. İnsanlar öz istəklərinə görə cahil cəmiyyətlərdə bir çox adət-ənənə yaradaraq digər insanlarla olan münasibətlərini də bu qaydalara görə qururlar. Qurani-kərimdə möminlərin əvvəlcə Allaha və Rəsuluna iman gətirdikləri, sonra isə Allah yolunda mübarizə apardıqları xəbər verilir. Bu mövzu ilə bağlı ayələr belədir:

Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır. ( Hucurat surəsi, 15) İnsan “eşitdim və itaət etdim” deyərək Allah yolunda canı və malı ilə mübarizə aparacağına, Allahın Quranda bildirdiyi hökm və qadağalara qəlbən təslim olub iman və itaət edəcəyinə söz vermiş olur. Mövzu ilə bağlı ayələr belədir:

Allahın sizə göstərdiyi lütfkarlığını və siz: “Eşidirik və itaət edirik!”– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir. (Maidə surəsi, 7) “Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar”(Əhzab surəsi, 15) ayəsinə görə verdikləri bu sözə ciddi riayət edirlər. Səmimi şəkildə Allaha üz tutan kimsə Onun yolunda mübarizə aparmağa çalışır. Ayələrə görə həmin insan eyni zamanda itaətkar da olmalıdır. Quranda möminlərin yalnız Allaha və Onun Elçisinə itaət etməli olduqları belə bildirilmişdir:

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa surəsi, 59) Kimlərə itaət edilməli olduğu bir sonrakı başlıqda daha aydın açıqlanacaq. Səmimi bir mömin üçün Allahdan və Onun kitabından başqa doğru yol göstəricisi yoxdur. Bunun fərqində olan insan cahiliyyə dövrünü geridə qoymalı, orada qazandığı davranış qəliblərini bütünlükdə ataraq yalnız Quranda bildirilən yolu və Peyğəmbərimizin (səv) sünnəsini izləməlidir. Şübhəsiz ki, digər insanlarla olan münasibətində də Quranda bildirilən qaydaları tətbiq etməklə məsuldur.

Bir insan əgər dini yaşamağa çalışırsa və doğrunu tapmağı hədəf alırsa, Quranın “hidayət verən” vəsfi ilə qısa zaman ərzində doğrunu görəcək. Bu halda etməli olduğu tək şey doğru olduğunu gördüyü şeyi qəbul etmək və ona itaət etməkdir. Quranda möminlərin bu mövzuda göstərdikləri səmimiyyətə belə diqqət çəkilir:

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır. Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır. (Nur surəsi, 51-52) Əgər kimsə Quranın bütün bu açıqlamalarını öyrəndikdən və bunların doğru olduğunu vicdanən qəbul etdikdən sonra da Allahın hökmlərini yaşamaqda tərəddüd edərək itaət etməsə, bu o insanın səmimiyyətsiz olduğunu göstərir. Çünki doğru olduğunu bildiyi sistemi rədd edərək yalnış olduğunun fərqində olduğu sistemdə yaşamağı seçmiş olar. Bu tip insanın, heç şübhəsiz, kimliyindən və iradəsindən danışmaq olmaz. Əgər bu davranışına davam edərsə, qısa müddətdə inkarçıya çevrilə bilər. İnkar edənlər isə Quranda bildirildiyi kimi, ağlından istifadə edə bilməyən, kor və kar kimsələrdir:

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23) Belə bir gedişin sonu isə içində əbədi qalmaq üzrə cəhənnəmdir... Elə isə ağıl sahibi insanın üzərinə düşən ayədə də bildirildiyi kimi, “eşitdik və itaət etdik” deməkdir. Bir çox xeyirə səbəb olan itaətin möminin əsas xüsusiyyəti olduğu bir ayədə belə bildirilmişdir:

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi, 285) ƏSLİNDƏ, HƏR KƏS ALLAHA İTAƏT EDİR

De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. (Nur surəsi, 54) Allahın yuxarıdakı ayədə də bildirdiyi kimi, elçiyə itaət edənlər hidayət olunacaqlar. Tarix boyu bütün insanlar Allahın elçilərinə itaət edib etməmələrinə görə imtahan olunmuşlar. Allah elçilərini daim insanların arasından seçmişdir. Bəzi dar düşüncəli və ağılsız kimsələr öz aralarından çıxan və başqalarından daha zəngin olmayan bir insana itaət etməyi özlərinə sığışdırmamışlar. Halbuki Allah elçilərini seçmiş, Öz qatından onları hər tərəfli qüvvətləndirmiş, onlara elm və iqtidar vermişdir. Bu insanların qavraya bilmədikləri mühüm həqiqət isə seçimin Allaha aid olduğudur. Səmimi bir mömin Allahın seçdiyi insana könüldən itaət edər, ona könüldən bağlanar və hörmət bəsləyər. Elçinin sözünü dinlədiyi zaman isə əslində Allaha itaət etdiyini bilər. Allaha və dinə təslim olanlar Allahın elçisinə də təslim olub, ona itaət edərlər.

İnsanlar ümumilikdə itaət anlayışına sahibdirlər və əslində, hər insan birinə ya bir şeyə itaət edir. Məsələn, əgər bir insan elçinin söylədiklərinə qarşı içində şübhəyə qapılmışsa, öz ağlını daha çox bəyənib, öz fikrinin daha doğru və yaxşı olduğunu zənn edirsə, deməli, öz ağlına itaət edir. İstək və həvəslərinin əsiri kimi yaşayırsa, demək, nəfsinə itaət edir. Yenə bir insanın Allahdan başqa razılığını axtardığı varlıq varsa, deməli, o varlığa itaət edir.

Qısaca, insan ya Allaha itaət edir, ya da şeytana. İnsanın etdiyi hər hərəkətdə itaət var: bu ya Allahadır, ya da şeytana. İnsan vicdanına tabe olarsa, Allaha, nəfsinin istək və həvəslərinə görə davranarsa, şeytana itaət edir deməkdir.

Allah yalnız Ona təslim olanlardan bir ayədə belə bəhs edir:

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)