Quranda itaət

ELÇİ ƏDALƏTLƏ HÖKM VERƏR

Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Maidə surəsi, 42) Uca Allahın ayədə də bildirdiyi kimi, elçi hökm verərkən ədalətli davranar. Allahın ona verdiyi vəzifədən sui-istifadə etməz. Allah qorxusunun verdiyi fərasət onun hökm verərkən ən doğrunu seçməsini təmin edər. Ancaq elçiyə itaətin əslində Allaha itaət olduğunu qavramayanlar elçinin ədalətinə şübhə edərək itaətdən üz çevirərlər. Allah bu cür insanları Quranda zalım adlandırmışdır:

Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsaydılar, itaət edib onun yanına gələrdilər. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. (Nur surəsi, 48-50) Bəziləri də öz ağıllarını daha çox bəyənirlər. Lakin bu cür insanlar üçün meyar təqva yox, mal, sərvət kimi müvəqqəti dünya mənfəətləridir. Bu insanlar davranışları ilə Allahın xeyirli olanı seçmədiyini düşünərək (Allahı tənzih edirik) yalnız elçiyə qarşı deyil, deməli, Allaha qarşı da ağıllarını bəyənirlər. Halbuki Allah “Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz” (Bəqərə surəsi, 216) ayəsi ilə insanların xeyirli olanı ayıra bilmədiklərini bildirmiş və onları qədəri düşünməyə təşviq edərək yanlış düşüncəyə qapılmamaları barədə xəbərdar etmişdir. Bununla bağlı uca Allah Talutu məlik təyin etdiyi zaman qövmün öndə gələnlərinin verdiyi reaksiyanı Quranda belə xəbər vermişdir:

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir” (Bəqərə surəsi, 247)