Quranda itaət

PEYĞƏMBƏRİMİZƏ (SƏV) BƏSLƏDİYİMİZ SEVGİ

Hökm və hikmət sahibi olan Rəbbimiz elçisinə olan sevginin Özünə olan sevgiyə də ölçü olacağını “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”(Ali-imran surəsi, 31) ayəsi ilə bildirmişdir. Bu səbəbdən Allaha itaətin göstəricilərindən biri Rəsulullahın (səv) sünnəsinə tabe olmaqdır. Heç bir mömin Rəsulullaha (səv) itaəti tərk etməz. Peyğəmbərimiz(səv) sünnəyə tabe olanları belə müjdələmişdir: Kim sünnəmi əhya edərsə, məni əhya etmiş olar. Kim məni əhya edərsə, Cənnətdə mənimlə bərabərdir. (Tirmizi) Allahın Qurani-kərimdə “Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (Qaləm, surəsi, 4) ayəsi ilə tərif edilən Rəsulullahın (səv) söz və davranışları insanlar üçün ən gözəl örnəkdir. İnsanlar hz.Aişənin “Onun əxlaqı Qurandan ibarətdir” dediyi Rəsulullahı (səv) örnək almadığı təqdirdə həm gözəl əxlaqdan məhrum qalacaq, həm də dünya və axirət səadətini əldə edə bilməyəcəklər.

Allahın “...Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur” (Əhzab surəsi, 40) ayəsi ilə bildirdiyi kimi, insanlara son peyğəmbər olaraq göndərdiyi, son kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara örnək olan Peyğəmbərimiz (səv) möminlərin vəlisidir. Allah “Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik” (Muzəmmil surəsi, 5) ayəsi ilə xəbər verdiyi son peyğəmbər olan hz.Muhammədə (səv) çox vacib bir məsuliyyət vermişdir. Peyğəmbərimiz (səv) isə güclü imanı ilə Allahın özünə verdiyi məsuliyyəti ən gözəl şəkildə yerinə yetirmiş, insanları Allahın yoluna, hidayətə dəvət etmiş və bütün insanların yolgöstəricisi və rəhbəri olmuşdur.